Paris Olimpiadasının 2-ci günündə bir neçə komanda idman növündə maraqlı nəticələr qeydə alınıb.

Qadın voleybolçuların yarışında Millətlər Liqasının qalibi - İtaliya seçməsi azarkeşlərini sevindirib. "Apenninlilər" Dominikan Respublikası yığmasını 3:1 hesabı ilə məğlub ediblər. Polşa millisi də azarkeşlərini sevindirib. Yaponiya komandası ilə görüşün ilk setində məğlub olmasına baxmayaraq, dönüş edən "qırmızı-bəyazlar" ardıcıl 3 hissədə qələbə qazanıblar. Kişilərin turnirində hazırkı Olimpiya çempionu - Fransa kollektivinin Paris-2024-dəki debütü uğurlu alınıb. "Xoruzlar" 5 setlik matçın yekununda Serbiya voleybolçularından üstün olublar. Ardıcıl 5-ci Olimpiya çempionluğunu hədəfləyən kişi basketbolçulardan ibarət Amerika Birləşmiş Ştatları seçməsi ilk oyununda sürprizə imkan verməyib. Stiv Kerrin komandası Serbiya yığmasına 110:84 hesabı ilə qalib gəlib. Qadın həndbolçuların yarışında Tokio Olimpiadasının qalibi, hazırkı dünya çempionu - Fransa millisi etimadı doğruldub. Meydan sahibləri Niderland kollektivini məğlub ediblər. Favoritlərdən hesab olunan Norveç seçməsi isə Danimarka yığması üzərində qələbə qazanıb. Oxatma üzrə qadın komandaların yarışında mükafatçılar müəyyənləşib. Olimpiya rekordunu yeniləyən Koreya Respublikası millisi ardıcıl 10-cu dəfə bu növdə qızıl medala sahib çıxıb. Çin seçməsi ikinci, Meksika yığması isə üçüncü olub.