Paris Olimpiadasında bəzi fərdi idman növlərində qaliblər müəyyənləşib. Kişilərin qarışıq üsulla 400m məsafəyə üzmə yarışında Leon Marşan Maykl Felpsə məxsus 16 illik Olimpiya rekordunu qıraraq qızıl medala sahib çıxıb. Bu, fransız idmançının Yay Olimpiya Oyunlarında ilk uğurudur. Yaponiyalı Tomoyuki Matsuşita ikinci, Amerika Birləşmiş Ştatları təmsilçisi - Karson Forster isə üçüncü olub.

100m məsafəyə brass üsulu ilə üzmədə gözlənilməz nəticə qeydə alınıb. İtaliyalı Nikolo Martinenqi bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu növdə əsas favorit hesab edilən 2 qat Olimpiya çempionu - Adam Piti isə Nik Finklə birlikdə ikinci sıranı bölüşüb.

Amerika Birləşmiş Ştatlarını təmsil edən Torri Haski qadınların 100 m məsafəyə baterflay üsulu ilə üzmə turnirində qızıl medal qazanıb. Onun həmvətəni, yarımfinalda Olimpiya rekordunu qıran Qretçen Volş ikinci olub. Çinli Çjan Yufey isə bürünc medalla kifayətlənib.

Küçə skeytbordinqində qadınların mübarizəsinə yekun vurulub. Yaponiyalı Koko Yoşizava Paris-2024-ün qızıl medalına sahib çıxıb. 14 yaşlı idmançının həmyerlisi - Liz Akama ikinci nəticə göstərib. Çin atleti - Cui Çenxi isə üçüncü olub.

Tennisdə həm kişilərin, həm də qadınların yarışında ilk mərhələnin görüşləri yekunlaşıb. İkiqat Olimpiya çempionu - Rafael Nadal 3 setin yekununda Marton Fuçoviç üzərində qələbə qazanıb. Tokio Olimpiadasının qalibi - Aleksandr Zverev də azarkeşlərini sevindirib. Almaniyalı raketka ustası hər iki hissədə Caume Munardan üstün olub. Qadınların mübarizəsində isə dünya reytinqinin ikincisi - Koko Qauff etimadı doğruldub. Amerika Birləşmiş Ştatları təmsilçisi avstraliyalı Ayla Tomlyanoviçin cəmi 3 qeym qazanmasına imkan verib - 6:3, 6:0.