Avro 2024-ün yarımfinal mərhələsində Niderland və İngiltərə milli komandaları üz-üzə gəlib.

Dortmund şəhərinin "Siqnal İduna Park" stadionunda keçirilən qarşılaşmada hesab 7-ci dəqiqədə açılıb. Müdafiəçilərdən topu ustalıqla almağı bacaran Xavi Simons uzaqdan qüvvətli zərbə ilə fərqlənərək "narıncılar"ı irəli çıxarıb. Çox keçmədən bərabərlik təmin olunub. Cərimə meydançasında Harri Keynə qarşı kobud oyuna görə hakim penalti təyin edib. 11 metrlik zərbəni Keyn özü yerinə yetirib. 30 yaşlı futbolçu Avro 2024-də 3-cü qolunu rəsmiləşdirib. Fasilədən sonra komandalar bir neçə epizodda qapılar önündə təhlükəli cəhdlərlə yadda qalıblar. 81-ci dəqiqədə İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt hücumçu Harri Keynin əvəzinə Olli Uotkinsi meydana buraxıb. Bu dəyişiklik bir neçə dəqiqə sonra bəhrəsini verib. Əsas vaxta artırılan dəqiqələrdə 28 yaşlı forvard fərqlənərək komandasını finala yüksəldib. Qarşılaşma bu hesabla başa çatıb: Niderland - İngiltərə 1:2. Bununla da İngiltərə yığması ardıcıl 2-ci dəfə Avropa çempionatlarında finala yüksəlib. Komanda həlledici görüşdə İspaniya seçməsinin rəqibi olacaq. Qarşılaşma iyulun 14-ü, Bakı vaxtı ilə saat 23:00-də Berlin şəhərinin Olimpiya stadionunda təşkil olunacaq.