Bu gün UEFA Konfrans Liqasında qalibin adına aydınlıq gələcək.
Həlledici oyunda “Olimpiakos” Afinada “Fiorentina” ilə qarşılaşacaq. İtaliya klubu ardıcıl 2-ci il bu turnirdə final həyəcanı yaşayacaq. “Olimpiakos” isə tarixində ilk dəfə avrokuboklarda həlledici matça çıxacaq. Yunanıstan təmsilçisi bu görüşdə optimal heyətlə mübarizə aparacaq. Komandanın baş məşqçisi Xose Luis Mendilibar hər iki klubun oxşar və fərlqi oyun tərzlərindən danışıb: “Belə vacib görüşlərdə hisləri cilovlamalı və indiyə qədər göstərdiyimiz oyun stilinə sadiq qalmalıyıq. Futbolçularda qələbə və mübarizə əzmini görürəm. Onlar həqiqətən də böyük ruh yüksəkliyinə sahibdirlər. Finalda oyun planlarımızı dəyişmək böyük səhv olardı. Yerli azarkeşlər qarşısında çıxış etməyimiz də bizim üçün əla şansdır. Çalışacağıq ki, bütün gücümüzlə tarixi nəticə qazanaq”.
“Fiorentina”nın çalışdırıcısı Vinçentso İtaliano isə hər iki komandanın qələbə imkanlarının bərabər olduğunu bildirib: “Düşünürəm ki, heç kəs bu matçda aşkar favoritin olduğunu deyə bilməz. Rəqibin gücünə və oyunçularının keyfiyyətinə bələdik. Onlar daim pressinq edir və tez zamanda hücuma çıxmağı bacarırıq. Afinada oynamağımız hələ heç nəyi həll etmir. Arenanın yarısı bizi dəstəkləyəcək. Penalti seriyasına hazırlaşmamışıq. İtaliya kuboku turnirində iki mərhələni məhz penalti seriyasında keçmişik. Ötən il bizim üçün yaxşı yekunlaşmadı. Lakin bu mövsüm qarşıya qoyulıan hədəfə çatmalıyıq”.
Qeyd edək ki, “Olimpiakos” – “Fiorentina” matçı bu gün saat 23:00-də başlanacaq. Görüşü portuqaliyalı Artur Suares Dias idarə edəcək.