A Seriyasının 26-cı turu başa çatıb. Daniele De Rossinin gəlişindən sonra təkcə “İnter”ə məğlub olan “Roma” yenə də azarkeşlərini sevindirib. Paytaxt klubu bu dəfə Turin təmsilçisi “Torino”ya qalib gəlib. İlk hissə heç-heçə yekunlaşıb. Hesab fasilə ərəfəsində açılıb. Paulo Dibala penaltidən yararlanıb. İki dəqiqə sonra qonaqların heyətindən Duvan Zapata cavab qolunun müəllifi olub. İkinci hissədə Dibala rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. 69-cu dəqiqədə argentinalı futbolçu het-trikini rəsmiləşdirib. Görüşün sonlarında “Roma”nın gənc müdafiəçisi Din Hyusen avtoqol müəllifi olaraq rəqibin fərqi azaltmasına imkan verib. Görüş bu hesabla başa çatıb. “Roma” – “Torino” 3:2.
“Fiorentina” isə “Artemio Franki” stadionunda “Latsio” ilə görüşüb. Hesabı ilk hissənin sonunda qonaq komanda açıb. Matteo Gündüzinin ötürməsindən sonra Luis Alberto dəqiq oynayıb. İkinci hissədə bərabərlik təmin olunub. Maykl Kayode komandasını ümidləndirib. Çox keçmədən meydan sahibləri irəli çıxmaq üçün əla fürsət əldə ediblər. Lakin Nikolas Qonzales penaltidən faydalana bilməyib. Lakin 2 dəqiqə sonra Cakomo Bonaventura komanda yoldaşının səhvini düzəldib. Görüşdə başqa qol olmayıb: “Fiorentina” – “Latsio” 2:1.