Kot-d'İvuarın ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda birinci turun görüşləri keçirilir. A qrupunda Nigeriya və Ekvatorial Qvineya yığmaları üz-üzə gəlib. Oyunda hesab 36-cı dəqiqədə açılıb. Ekvatorial Qvineya seçməsinin heyətində İban Salvador fərqlənib. Lakin çox keçmədən Nigeriya millisi tarazlığı bərpa edib. Viktor Osimhen diqqət mərkəzinə düşüb 1:1. Qalan dəqiqələr ərzində matçda başqa qol olmayıb.

7 dəfə turnirin qalibi olan və bu mənada ən yüksək göstəriciyə sahib Misir seçməsi də ilk qarşılaşmasında xal itkisi ilə üzləşib. Mozambik millisi ilə görüş şimali afrikalılar üçün yaxşı başlayıb. Artıq 2-ci dəqiqədə Mustafa Məhəmməd fərqlənib. Hesabda geri düşmələrinə baxmayaraq, Mozambik futbolçuları asan təslim olmayıblar. Əvvəlcə 55-ci dəqiqədə Viti Dominquş    Makandzanın ötürməsini lazımınca dəyərləndirib. Ardınca Kleziu Bakue komandasını önə keçirib. Bu da görüşdə sonuncu qol olmayıb. İkinci hissəyə artırılmış dəqiqələrdə rəqib qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirən Məhəmməd Salah yekun nəticəni müəyyənləşdirib - Misir - Mozambik - 2:2.

Afrika Millətlər Kubokunun iddialılarından hesab olunan Qana kollektivi də uğursuzluğa düçar olub. Kabo-Verde yığması ilə qarşılaşan "qara ulduzlar" meydanı məğlub tərk ediblər - 1:2. Adalıların heyətində Jamiru Monteyru və Qarri Rodriqeş fərqlənib. Qana seçməsinin yeganə qolunu isə Aleksander Ciku vurub.