Alman futbolunun əfsanəsi Frants Bekkenbauer 78 yaşında dünyasını dəyişib.

Futbol tarixinə damğa vuran Bekkenbauer yaxın günlərdə vəfat edən Mario Zaqallo və hazırda Fransa seçməsinə rəhbərlik edən Didye Deşamla birlikdə həm futbolçu, həm də məşqçi kimi dünya çempionatının qalibi olan üç şəxsdən biridir. "Qızıl top" mükafatına iki dəfə layiq görülən yeganə müdafiəçi olan Frants əksəriyyət tərəfindən libero funksiyasını ilk icra edən oyunçu hesab edilir. O, dünya və Avropa çempionatını qazanmaqla yanaşı, klublar arasında dönəmin ən nüfuzlu turniri sayılan Avropa Kubokunun qalibi olan ilk kapitan kimi də tarixə düşüb. Klub karyerasının böyük hissəsini "Bayern"də keçirən "Kayzer" ləqəbli futbolçu Münxen klubunun heyətində üç dəfə sözügedən yarışın ali mükafatına sahib çıxıb. Bekkenbauer həmçinin "Hamburq" və "Nyu-York Kosmos" klublarının da formasını geyinib.  Almaniya futbolunun Şöhrətlər zalının üzvü olan Frants FIFA tərəfindən 20-ci əsrin yığmasına, dünya çempionatlarının ən yaxşı oyunçularından ibarət heyətə seçilməklə yanaşı, tarixin ən yaxşı 11-liyinə də daxil edilmişdi. Futbolçu karyerası və məşqçiliklə yanaşı, onun funksioner fəaliyyəti də uğurlu alınıb. Belə ki Bekkenbauer 2006-cı ildə dünya çempionatına ev sahibliyi edən Almaniyanın təşkilat komitəsinin rəhbəri idi. Qeyd edək ki, sağlamlıq problemləri ilə üzləşən Frants Bekkenbauer iki dəfə ürəyindən əməliyyat olunmuşdu.