Türkiyə Super Liqasının 17-ci turunda “İstanbulspor” öz meydanında “Trabzonspor”la üz-üzə gəlib.
11-ci dəqiqədə hesab açılıb. “Qara dəniz fırtınası”nın heyətindən Trezege rəqib qapısına yol tapıb. İlk hissənin ortalarında Alassane Ndaonun ötürməsindən sonra Muammer Sarıyaka bərabərliyi təmin edib. Fasilədən sonra Trabzon klubu daha bir qol vurub. Paul Onuaçu meydan sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. 74-cü dəqiqədə qarşılaşmada qalmaqal yaşanıb. “İstanbulspor” klubunun prezidenti Ecmel Faik Sarıalioğlu futbolçularını meydandan çıxmaları ilə bağlı göstəriş verib. Komanda üzvləri mübarizəyə davam etmək istədiklərini bildirsə də 63 yaşlı funksioner buna icazə verməyib. Yekunda “İstanbulspor”un kapitanı Mehmet Yeşil baş hakim Ali Şansalana qarşılaşmaya çıxmayacaqlarını bildirərək komanda ilə birgə soyunub-geyinmə otağına yollanıb. Qarşılaşmanın taleyi ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası bildirəcək.