Niderland çempionatında PSV-nin möhtəşəm çıxışı davam edir.

Eyndhoven klubu 16-cı oyununda 16-cı qələbəsini qazanıb. Peter Boşun komandası səfərdə “AZ Alkamaar”a çətin anlar yaşadıb.  Çempionatın lideri artıq 9-cu dəqiqədə hesabı açıb. Lük De Yonq penaltini dəqiq yerinə yetirib. 2 dəqiqə sonra İsmail Sayibari diqqət mərkəzinə düşüb.  22 yaşlı mərakeşli yarımmüdafiəçi fərqi artırıb. 16-cı dəqiqədə sabiq “Barselona”lı Serjinyo Dest fərqlənib. Amerikalı futbolçu əks-hücumdan yararlanaraq uzaq küncü dəqiq nişan alıb. 57-ci dəqiqədə isə  Lük De Yonq dubl etməklə matçda yekun nəticəni müəyyənləşdirib: AZ Alkmaar – PSV 0:4. Bununla da eyndhovenlilər 1987/88 mövsümündə Quus Hiddinkin çalışdırdılğı komandanın  nailiyyətini təkrarlamağa yaxındır. 36 il əvvəl eyndhovenlilər mövsümə ardıcıl 17 qələbə ilə başlamaqla çempionatda yeni rekord müəyyənləşdirmişdi. Maraqlıdır ki, həmin mövsüm PSV Çempionlar Kubokunun da qalibi olmuşdu. Yeri gəlmişkən, eyndhovenlilər bu mövsüm Avropada ölkə çempionatında bütün görüşlərini qələbə ilə başa vuran yeganə komandadır.