Avstriyada biatlon üzrə dünya kubokunun ikinci mərhələsi yekunlaşıb.
Yarışın sonuncu günündə qış idman növlərinin həvəskarları estafetçilərin mübarizəsini izləyiblər. Kişilərin yarışında Taryey və Yohannes Bö qardaşları, Strula Holm Leqreyd və Şosta Kristiansendən ibarət Norveç millisi uğur qazanıb. Skandinaviyalılar atışlarda yanlışlığa yol vermədən finiş xəttini 1 saat 15 dəqiqə 38,5 saniyəyə keçiblər. Onlardan 28,7 saniyə geridə qalan Fransa seçməsi ikinci olub. Almaniya biatlonçuları isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Qadınların mübarizəsində də norveçlilər uğur qazanıblar. Yuni Arneklayv, Marit İsxol Skoqan, Karolin Offiqstad Knotten və İnqrid Landmark Tandervolddan ibarət kollektiv finişə 1 saat 7 dəqiqə 39 saniyəyə çatıb. İsveç yığması ikinci, Fransa seçməsi 3-cü olub.
İsveçdə isə xizək idmanı üzrə dünya kubokunun 3-cü mərhələsi başa çatıb. 10 km məsafəni qət etmək uğrunda sərbəst üslubda yarışda ilk 5 pilləni norveçli xizəkçilər tutub. Birinci yerə Harald Esberq Amundsen sahib çıxıb. O, 10 km məsafəni 23 dəqiqə 36,1 saniyəyə geridə qoyub. Liderdən 8,1 saniyə geriyə düşən Simen Heqstad Krüger 2-ci olub. Didrik Tönset isə finiş xəttini 3-cü keçib. 5 qat olimpiya və 9 qat dünya çempionu Yohannes Klebo isə imkanlarından aşağı səviyyədə çıxış edərək yarışı 7-ci sırada tamamlayıb. Qadınların mübarizəsində isə Amerika Birləşmiş Ştatlarından olan Cessika Diqqins diqqət mərkəzinə düşüb. O, 27 dəqiqə 5,6 saniyəlik göstrəci ilə 1-ci olub. Norveçli Heydi Venq 2-ci, Almaniyadan Viktoriya Karl isə 3-cü ən yaxşı nəticəni göstərib.