Türkiyə Super Liqasında 14-cü turun sonuncu qarşılaşması “Atatürk” Stadionunda təşkil olunub.
Burada meydan sahibi “Fənərbağça” futbolçuları “Sivasspor”la üz-üzə gəlib. İlk dəqiqələrdən hücumda fəallıq nümayiş etdirən İstanbul təmsilçisi hesabı 16-cı dəqiqədə açıb. Sebastyan Şimanski qapını dəqiq nişan alıb. Fasilə ərəfəsində fərq iki topa yüksəlib. İrfan Can Kahveci yerli azarkeşləri sevindirib. Fasilədən sonra qonaqlar buraxılan toplardan birinin əvəzini çıxıb. Rey Manay komandasını ümidləndirib. Lakin sonradan görüşdə avtoqol qeydə alınıb. Alaaddin Okumuş topu öz qapısından keçirərək meydan sahiblərinin yenə də irəli çıxmasına imkan verib. 75-ci dəqiqədə Edin Dzeko görüşdə son nöqtəni qoyub. “Fənərbağça” – “Sivasspor” 4:1. Beləliklə xal hesabını 37-yə yüksəldən “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”la birgə zirvəni bölüşür. “Sivasspor”sa 15 xalla 13-cüdür.