Azərbaycan Kuboku turnirinin II təsnifat mərhələsində MOİK “Cəbrayıl”la qarşılaşıb.
Görüş “hərbiçilər”in üstünlüyü şəraitində keçib. MOİK futbolçuları 4:0 hesablı ilə qalib gəliblər. Bu qələbə ilə komanda 1/8 finala yüksəlib. MOİK bu mərhələdə “Qarabağ”la qarşılaşacaq.
“Araz Saatlı” öz meydanda “İrəvan”la üz-üzə gəlib. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matç qonaqların qələbəsilə yekunlaşıb. “İrəvan” futbolçuların 4 qoluna meydan sahibləri yalnız bir dəfə cavab verə biliblər.
Misli Premyer Liqada bu mövsüm inamlı çıxışı diqqət çəkən “Səbail” kubok mübarizəsində də iddialı görünür. “Dənizçilər” “Şəfa” ilə oyunda rəqibini 7 cavabsız qolla məğlub ediblər.
Ölkə çempionatının daha bir iştirakçısı “Turan Tovuz” da 1/8 finala yüksəlib. Qərb təmsilçisi doğma meydanda “Göygöl” komandasından 5-1 hesabı ilə üstün olub. “Turan Tovuz” 1/8 finalda “Zirə” ilə üz-üzə gələcək.