Kişi tennisçilərdən ibarət seçmələr arasında keçirilən Deyvis Kubokuna yekun vurulub.
Finalda Avstraliya və İtaliya milliləri qarşılaşıb. İlk görüş Aleksey Popırin və Matteo Arnaldi arasında oynanılıb. Rəqibini bir breyk qabaqlayan Arnaldi ilk seti aktivinə yazdırıb. İkinci hissədə üstün olan Popırin tarazlığı bərpa edib. Üçüncü setin taleyi isə 10-cu qeymdə həll olunub. Avstraliyalı həmkarının servisində xal qazanan Matteo qələbəsini rəsmiləşdirib - 7:5, 2:6 və 6:4.
İkinci matçda Yannik Sinner Aleks de Minaurla üz-üzə gəlib. Oyun italiyalı tennisçinin üstünlüyü şəraitində keçib. Yannik Aleksin cəmi 3 qeym qazanmasına imkan verib - 6:3, 6:0. İtaliya komandası ilk iki qarşılaşmada Avstraliya kollektivini məğlub etdiyi üçün cütlərin görüşünə ehtiyac qalmayıb. Beləliklə, "apenninlilər" ikinci dəfə Deyvis Kubokunda fəxri mükafata sahib çıxıblar. Qeyd edək ki, İtaliya seçməsi daha əvvəl 1976-cı ildə yarışın qalibi olub.