Formula 1 üzrə mövsümün 18-ci Qran-prisi geridə qalıb.

Amerika Birləşmiş Ştatlarının Ostin şəhərində keçirilən final mərhələsində Maks Ferstappen qalib gəlib. “Red Bull” üzvü 56 dövrəni 1 saat 35 dəqiqə 21 saniyəyə qət edərək karyerasında 50-ci dəfə finiş xəttini birinci keçib.  Niderlandlı pilot daha bir qələbə qazanacağı halda, bu göstəricidə 4-cü pillədəki Alen Prosta çatacAq. Bununla yanaşı,  Ferstappen bu mövsüm 15 dəfə qalib gəlməklə ötən mövsüm özünün müəyyənləşdirdiyi rekordu yeniləməyi bacarıb.  Maksdan 2,2 saniyə geridə qalan “Mersedes” pilotu Lüis Hemilton yarışı ikinci sırada tamamlasa da, bolidinin tələblərə cavab verməməsinə görə nəticəsi ləğv olunub. Yeri gəlmişkən, 6-cı yeri tutan “Ferrari” üzvü Şarl Lekler də eyni aqibətlə üzləşib. Nəticədə 3-cü yeri tutan “Maklaren”dən Lando Norris irəli düşüb. “Ferrrari” pilotu Karlos Sayns isə 3-cü pilləyə qalxlb. “Uilyams”ın amerikalı pilotu Loqan Sarcent isə Formula 1 karyerasında ilk xalını qazanıb. Maraqlıdır ki, sonuncu dəfə 1993-cü ildə Formula 1 yarışında bir amerikalı pilot mövsümü xalla başa vurmuşdu.

Şəxsi birinciliyə gəlincə, ötən Qran-pridə ardıcıl 3-cü çempionluğunu rəsmiləşdirən Ferstappen xal ehtiyatını 466-ya yüksəldib. Ondan 226 xal geridə qalan komanda yoldaşı Serxio Peres 2-cidir.  7 qat dünya çempionu Lüis Hemilton isə 201 xalla 3-cü sırada qərarlaşıb. Mühəndislər Kubokunda isə artıq əlçatmaz olan “Red Bull” 706 xalla liderdir. 2-ci yeri tutan “Mersedes”in 344, 3-cü sırada qərarlaşan “Ferrari”nin 322 xalı var.  Növbəti yarış həftəsonu Meksikada keçiriləcək.