Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar olub.

C qrupunda mübarizə aparan favorit komandalar – İngiltərə və İtaliya kollektivləri bu dəfə London şəhərində üz-üzə gəliblər. 4 qolun vurulduğu qarşılaşmada meydan sahibləri qələbə qazanıb. Amma ilk hissədə hesabı “Skuadra Azzura” açıb. 15-ci dəqiqədə Canluka Skamakka qapını dəqiq nişan alıb. Yarım saatın tamamında bərabərlik təmin olunub. Harri Keyn penaltidən yararlanıb. Fasilədən sonra ingilislər daha 2 qol vurublar. 57-ci dəqiqədə Cud Bellingemin ötürməsindən sonra Markus Reşford komandasını hesabda irəli çıxarıb. Sonradan isə Harri Keyn dublunu rəsmiləşdirərək İngiltərə millisinin qələbəsində əsas pay sahibi olub. İngiltərə - İtaliya 3:1. Beləliklə, 16 xalla qrup lideri olan İngiltərə millisi sona 2 tur qalmış Avropa çempionatının seçmə mərhələsinə vəsiqəni təmin edib. İtaliya isə 10 xalla üçüncü pillədədir.