Qış Olimpiya Oyunlarına ilk dəfə bir neçə ölkə ev sahibliyi edəcək.
Buna səbəb isə İtaliya hökümətinin yarışların keçiriləcəyi Kortina di Ampetso şəhərinin xizək-bobsley insfrastrukturlarında bərpa və yenidənqurma işləri aparmaqdan imtina etməsidir. Bu barədə İtaliya milli olimpiya komitəsinin prezidenti Covanni Malaqo Beynəlxalq Olimpiya Komitəsinin Mumbaidə keçirilən 141-ci sessiyasında məlumat verib. “La Republika” nəşrinin məlumatına görə idman qurğularının bərpası üçün 50-60 milyon avroya ehtiyac duyulur. İtaliya höküməti isə qış idman qurğuları üçün bu qədər pul ayırmaq niyyətində deyil. Vəziyyətdən çıxış yolu xizək və bobsley yarışlarının qonşu ölkələrdə təşkili ola bilər. Bildirilir ki, qeyd olunan turnirlərə İsveçrə, Avstriya, Almaniya, yaxud Fransa ev sahibliyi edə bilər. Avstriyanın İnsburk və İsveçrənin Sankt-Morits şəhərləri namizədlərin siyahıda ön pillələrdədir. Xatırladaq ki, vaxtilə hər 2 şəhərdə 2 dəfə Qış Olimpiya Oyunları keçirilib. Kortina Di Ampetso ilə İnsbruk arasında məsafənin 160 km olduğunu nəzərə alsaq, turnirə Avstriyanın ev sahibliyi edəcəyi daha real görünür. Əgər “La Republika”nın yazdıqları həyata keçsə, 2026-cı ildə ilk dəfə Qış Olimpiya Oyunları bir neçə ölkənin ərazisində təşkil olunacaq. Xatırladaq ki, Yay Olimpiya Oyunlarında 2 dəfə 1920 və 1956-cı illərdə bu hal yaşanıb. Qeyd edək ki, Qış olimpiya oyunlarının 2026-cı il, fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina Di Ampetso şəhərləri keçirilməsi nəzərdə tutulub. İdmançılar ümumən 116 dəst medal uğrunda mübarizə aparacaq.