Futbolçularımız Avropa çempionatının seçmə mərhələsində 6-cı oyuna çıxıb.

4 gün əvvəl səfərdə Estoniya millisindən 2:0 hesabilə üstün olan komandamız bu dəfə Avstriya futbolçularını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissənin sonuna yaxın Ramil Şeydayev fərqlənməyə yaxın olub.  Lakin hücumçumuz topa istədiyi kimi zərbə endirə bilməyib. Qonaqlar 2-ci yarının əvvəlində hesabı açıblar. Marsel Zabitserin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top Rahil Məmmədovun əlinə dəyib. Nəticədə yunanıstanlı referi Aristotelis Diamantopulos qapımıza penalti təyin edib. Zabitser hədəfdən yayınmayıb. Futbolçularımız 2-ci hissəyə artırılan ilk dəqiqədə tarazlığı bərpa etmək üçün əla fürsət qazanıblar. Lakin Toral Bayramov yaxın məsafədən zərbəsindən sonra top dirəyə dəyərək meydandan çıxıb. Qonaqlar oyunu 10 nəfərlə tamamlayıblar. 82-ci dəqiqədə meydana daxil olan Qvido Burqştaller sonuncu dəqiqədə 2-ci dəfə sarı vərəqəylə cəzalanıb. Beləliklə Avstriya seçməsi minimal hesabla qalib gələrək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Komandamız isə 6-cı qarşılaşmada 4-cü dəfə uduzub. Futbolçularımız noyabrın 11-i İsveç komandasını qəbul edəcəklər.