Milli komandamız bu gün AVRO 2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək. Futbolçularımız Bakıda Avstriya təmsilçiləri ilə qarşılaşcaqlar. Ötən tur Tallində Estoniya yığmasına qalib gələn kollektivimizdə əhval-ruhiyyə yüksək səviyyədədir. Komandamızın baş məşqçisi Canni de Byazi görüşlə bağlı keçirilən mətbuat konfransında bunları deyib: “Çətin oyun olacaq. Avstriya seçməsində bir neçə əsas oyunçu olmasa da, yenə də yaxşı komandadır. Çox inkişaf ediblər, müasir futbol oynayırlar. Onların Belçika yığmasına məğlubiyyəti aldadıcı ola bilər. Bu rəqiblə səfərdəki görüşdə fərqli nəticə düşünürdüm, amma 1:4 hesabı ilə uduzduq. Bu matçda yaxşı nəticə üçün çalışacağıq. Komanda kimi inkişaf edirik. Ümumilikdə son 14 oyunda 7 qələbə qazanmışıq.”

Avstriya millisinin baş məşqçisi Ralf Raqnik də oyunla bağlı danışıb. O, komandamızın son oyunlarda yaxşı çıxış etdiyini vurğulayıb: "Rəqibimiz son vaxtlar yaxşı oyun nümayiş etdirən komandadır. Keyfiyyətli oyunçuları var. Biz Azərbaycan millisini zəif rəqib hesab etmirik. Bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Yaxşi məşq edirik və  görüşə hazırıq. Məqsədimiz Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etməkdir”.

Xatırladaq  ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlanacaq