Dünya Çempionatının seçmə mərhələsində Kolumbiya millisi Uruqvayla qarşılaşıb. Hesab 35-ci dəqiqədə açılıb. Meydan sahiblərindən Xames Rodriqez fərqlənib. Fasilədən sonra isə qonaqlar fəallaşıblar. 47-ci dəqiqədə Mathias Olivera bərabərlik qolunu vurub. Çox keçməmiş Kolumbiya futbolçuları yenidən vəziyyəti öz xeyirlərinə dəyişiblər. Bu dəfə Mateus Uribe diqqət mərkəzinə düşüb. Lakin oyunun sonlarına yaxın meydan sahibləri uğursuzluqla qarşılaşıblar. Əvvəlcə 87-ci dəqiqədə Kamilo Varqas qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Say üstünlüyündən yararlanan qonaqlar oyuna artırılan vaxtda penalti vurmaq şansı qazanıblar. Darvin Nunez ələ düşən fürətdən düzgün yararlanıb. Matç bu hesabla başa çatıb: Kolumbiya- Uruqvay 2-2
Argentina millisi isə Paraqvayla qarşılaşıb. Matçın taleyini vurulan erkən qol həll edib. 3-cü dəqiqədə meydan sahiblərinin üzvü Nikolas Otamendi rəqib qapısına yol tapıb. Qalan vaxt ərzində tərəflər çox çalışsalar da hesab dəyişməz qalıb. Beləlikli dünya çempionları ardıcıl 3-cü qələbələrini qazanaraq, yarış cədvəlində lider olublar.
Braziliya millisi isə gözlənilmədən xal itkisi ilə üzləşib. Sambaçılar doğma arenada Venesuela millisi ilə heç-heçə edib. İlk hissədə tərəflər çox çalışsalar da bir-birinin müqavimətini qıra bilməyiblər. 50-ci dəqiqədə Qabriel fərqlənməklə yerli azarkeşləri sevindirib. Lakin meydan sahibləri sərfəli nəticəni sona qədər qoruya bilməyiblər. 85-ci dəqiqədə qonaqların üzvü Eduard Bello hesabda tarazlıq yaradıb: Braziliya-Venesuela 1-1