Avropa çempionatının seçmə mərhələsinin F qrupunda mübarizə aparan milli komandamız növbəti oyununa çıxır.
Futbolçularımız Tallin şəhərində yerli Estoniya yığması ilə üz-üzə gələcək. Hər iki kollektiv F qrupunda 1 xalla sonuncu yerdədir. Mütəxəssislərin fikrincə oyunda millimizin əsas problemi müdafiə mövqeyindədir. Belə ki, Bədavi Hüseynov və Bəhlul Mustafazadə zədə səbəbindən Estoniya ilə oyunu buraxmalı olub. Qarşılaşmadan əvvəl baş məşqçilər jurnalistlər önünə çıxıblar. Yığma komandamızın sükanı arxasında olan italiyalı mütəxəssis Canni de Byazi maraqlı açıqlamaları ilə yadda qalıb. O, futbolçuların hazırlıq səviyyəsindən də söz açıb: “Sabah çox ağıllı oynamalıyıq. Bu il 13 matç keçirmişik. 6 qələbə qazanmışıq. Avstriya və İsveç kimi güclü rəqiblərə uduzmuşuq. Həmin qarşılaşmalarda böyükhesablı məğlubiyyət bizim üçün dərs oldu. Sabah ilk matçın ikinci hissəsindəki kimi oynamalıyıq. Heç bir baş məşqçi oyundan əvvəl uduzmaq və heç-heçə etmək istədiyini demir. “
Qeyd edək ki, Tallin şəhərinin “A-Le Rok” Stadionunda keçiriləcək Estoniya – Azərbaycan qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:00-də başlanacaq. Görüşü Robert Şröderin rəhbərlik etdiyi almaniyalı hakimlər briqadası idarə edəcək.