Çində kişi tennisçilər arasında keçirilən "Shanghai Masters" turnirində 1/8 final mərhələsinə yekun vurulub. Yarışın bir nömrəsi Karlos Alkaras Qriqor Dimitrovla üz-üzə gəlib. Qarşılaşmaya daha yaxşı başlayan Alkaras 12-ci qeymin yekununda ilk seti aktivinə yazdırıb. Hesabda geri düşməsinə baxmayaraq, Dimitrov gedişatı xeyrinə dəyişə bilib. Bolqarıstanlı raketka ustası ikinci hissədə ispaniyalı rəqibinin iki servis oyununda xal qazanaraq görüşdə tarazlığı bərpa edib. Üçüncü setdə daha bir dəfə breyk edən Qriqor qələbə qazanaraq Alkarası mübarizədən kənarlaşdırıb - 5:7, 6:2 və 6:4. Onun 1/4 finaldakı rəqibi Nikolas Xarri olacaq.
ATP reytinqinin 7-cisi Andrey Rublyov isə Tommi Polla qarşılaşıb. Matç rusiyalı tennisçinin üstünlüyü şəraitində keçib. Nəticədə Rublyov hər iki setdə Amerika Birləşmiş Ştatları təmsilçisinə qalib gəlib - 7:5, 7:5. Andrey yarımfinala vəsiqə uğrunda Uqo Amberlə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün Şanxay turnirində 1/4 final mərhələsinə start veriləcək. "Masters" seriyalı yarış oktyabrın 15-nə kimi davam edəcək.