Avro 2024-ün seçmə mərhələsinin D qrupunda mübarizə aparan qardaş ölkə Türkiyə milli komandası növbəti oyununa hazırlaşır. “Ay ulduzlular” səfərdə qrupun ən iddialı kollektivi Xorvatiya yığması ilə üz-üzə gələcək. Bu komandalar 10 xalla D qrupunda zirvənin şərikli lideridir. Lakin Türkiyə seçməsinin heyətində bəzi futbolçuların zədəli olması “ay -ulduzlular”ın işini çətinləşdirə bilər. Məhz heyətdəki itkiləri yeni baş məşqçi Vinçenzo Montella da xüsusi vurğulayıb. O, Türkiyə millisi ilə çıxacağı ilk rəsmi matçda qələbə qazanmaq istədiyini bildirib: “Rəqibimiz yaxşı heyətə sahib olan komandadır. Xorvatiyanın gücünü sorğulamaq vaxt itkisidir. Bizim kollektivdə kifayət qədər itkilər var. Bu səbəbdən bəzi planları dəyişməyə qərar verdim. İnanıram ki, futbolçularım sonadək mübarizə aparacaqlar. Təyinatım yenidir. Burada hər kəs məndən qələbə gözləyir. Bunu mən də istəyirəm. “Adana Dəmirspor”da işlədiyim vaxtlarda Türkiyə futbolunu yaxşı mənimsəmişəm. Bu komandanı irəli aparmaq mənim üçün böyük şərəf olardı”

Xorvatiya seçməsinin baş məşqçisi Zlatko Daliç isə iddialı açıqlamaları ilə yadda qalıb. O, qrupdakı liderliy itirmək istəmədiklərini bildirib: “İndiki tabloya baxdıqda birinci bizim adımız yazılıb. Lakin bu bizi arxayınlaşdıra bilməz. Nəticədə xal hesabında rəqibimiz bizimlə eyni nəticəyə malikdir. Bu kimi qarşılaşmalarda ev-səfər amili aradan qaldırılır. İstər biz, istər Türkiyə futbolçuları mübarizəni sonadək davam etdirəcək. Səhvlərə yol vermək olmaz. Həm rəqib, həm də həmkarım mənə çox yaxşı tanışdır. Mən ona yeni işində uğurlar arzu edirəm!”
Qeyd edək ki, Osiyek şəhərinin “Opus” Stadionunda keçirilən Xorvatiya – Türkiyə qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Oyunu Entoni Teylorun rəhbərlik etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.