Çinin paytaxtı Pekində "ATP 500" və "WTA 1000" seriyalı "China Open" tennis turniri davam edir. Kişilərin mübarizəsində yarımfinal mərhələsinə yekun vurulub. Yarışın bir nömrəsi Karlos Alkaras dünya reytinqinin 7-cisi Yannik Sinnerlə üz-üzə gəlib. İlk setin qalibi tay-breykdə müəyyənləşib. Sinner hesabda önə çıxıb. İkinci hissə isə italiyalı raketka ustasının aşkar üstünlüyü şəraitində keçib. Beləliklə, ispaniyalı rəqibinin cəmi 1 qeym qazanmasına imkan verən Yannik finala yüksəlib - 7:6, 6:1.
Onun finaldakı rəqibi Daniil Medvedev olacaq. Rusiyalı tennisçi Aleksandr Zverevi mübarizədən kənarlaşdırıb. 1 saat 26 dəqiqə davam edən görüşün hər iki setində Medvedevin qələbəsi qeydə alınıb - 6:4, 6:3.
Qadınların yarışında ikinci mərhələyə yekun vurulub. WTA siyahısının lideri Arina Sabalenka Keti Bulterlə qarşılaşıb. Belarus təmsilçisi güclü müqavimətlə üzləşməsinə baxmayaraq, etimadı doğruldub. Arina hər iki setdə britaniyalı rəqibindən üstün olub - 7:5, 7:6. "China Open"in iki nömrəsi İqa Şvyontek də azarkeşlərini sevindirib. Polşalı tennisçi Varvara Qraçyovaya qalib gələrək 1/8 finala yüksəlib - 6:4, 6:1.