Çempion “Mançester Siti” Premyer Liqanın 3-cü turunda “Şefild Yunayted”in qonağı olub.

37-ci dəqiqədə Erlinq Holand penaltidən yararlana bilməyib. Norveçli futbolçu 63-cü dəqiqədə istəyinə çatıb. Sona yaxın hesab bərabərləşib. Ceyden Boql tarazlığı bərpa edib. Ancaq “Şəhərlilər” sensasiyaya imkan verməyib. Vaxtın bitməsinə 2 dəqiqə qalmış Rodri mübarizəyə nöqtə qoyub. “Şefild Yunayted” – “Mançester Siti” 1:2. Pep Qvardiola premyer liqada baş məşqçi kimi 269-cu görüşdə 200-cü qələbəni qazanıb. İspaniyalı mütəxəssis 200 qələbə həddinə ən tez çatan məşqçi kimi tarixə düşüb. Qvardiolaya qədər Aleks Ferqyuson 322-ci oyunda 200-cü qələbəni qazanaraq rekord müəyyənləşdirmişdi. 

3-cü turun mərkəzi oyununda “Nyukasl” və “Liverpul” qarşılaşıb. 25-ci dəqiqədə Entoni Qordon “sağsağanlar”ı önə çıxarıb. Az sonra “Liverpul” daha bir uğursuzluğa məruz qalıb. Vörcil Van Dayk meydandan çıxarılıb. Azlıqda qalan “Qırmızılar”ın dönüş etmək imkanları aşağı qiymətləndirilsə də, Yurgen Klopun komandası futbol həvəskarlarını təəccübləndirib. Darvin Nunyesin dublu “Liverpul”a “Sent Ceyms Park”da 2:1 hesablı qələbə qazandırıb.

“Börnli” – “Aston Villa” qarşılaşmasında qonaqlar 3:1 hesabilə qalib gəliblər. “Aston Villa” futbolçularından Metti Keş ilk hissədə dubl edib. Fasilədən sonra Layl Foster fərqi azaldıb. 61-ci dəqiqədə qonaqlardan Musa Diabi son nöqtəni qoyub. Hazırda “Mançester Siti” 9 xalla liderdir. “Vest Hem”, “Tottenhem”, “Liverpul”, “Arsenal” isə 7 xalla “şəhərlilər”i izləyir.