Macarıstanın paytaxtı Budapeştdə  atletika üzrə dünya çempionatı davam edir.  Yarişin  5-ci günündə Azərbaycan idmançısı Anna Skidan finala vəsiqə uğrunda mübarizə aparıb. Atletimiz çəkicatma üzrə təsnifat mərhələsində 77.10 m nəticə göstərərək birinci olub. Azərbaycan rekordunu və özünün ən yaxşı şəxsi nəticəsini yeniləyən Skidan finala vəsiqə əldə etməklə yanaşı, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Turnirin 5-ci günündə idmançılar ümumilikdə 4 dəst medal uğrunda mübarizə aparıblar. Qadınların şüvüllə tullanma yarışında eyni nəticə göstərən avstraliyalı Nina Kennedi və Amerika Birləşmiş Ştatları təmsilçisi Ketrin Mun qızıl medal qazanıblar. Finlandiya idmançısı Vilma Murto isə üçüncü nəticə göstərib.

Qadınların 400 m məsafəyə qaçış kateqoriyasında Dominikan Respublikasından olan Marileydi Paulino uğur qazanıb. 26 yaşlı atlet finişi 48.76 saniyə ilə keçib. Polşalı Natalya Kaçmarek gümüş, barbadoslu Sada Vilyams isə bürünc medala sahib çıxıb.

Kişilərin 400 m məsafəyə maneələrlə qaçış yarışında Olimpiya çempionu, dünya rekordunun sahibi Karsten Varholm fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Norveçli atlet üçüncü dəfə dünya çempionatının qalibi olub. Vircin adalarını təmsil edən Kayron Makmaster ikinci, Amerika Birləşmiş Ştatları idmançısı Rey Bencamin isə üçüncü nəticə göstərib.

Kişilərin 1500 m məsafəyə qaçış kateqoriyasında Coş Kerr ali mükafata sahib çıxıb. Norveçli Yakob İnqebriqtsen təkcə britaniyalı rəqibindən geri qalıb. Onun həmvətəni Narve Qilye Nordas üçüncü olub.