Mövsümə Çempionlar Liqasında başlayan “Qarabağ” çıxışını Avroliqada davam etdirir.
Polşanın “Rakuv” komandasının müqavimətini qıra bilməyən və yekunda qitənin 1 nömrəli klub turnirində mübarizəni dayandıran Ağdam klubu Avroliqanın 3-cü tənisfat mərhələsində Finlandiya çempionu HİK-i qəbul edəcək. İlk oyun Bakıda olacaq. Qeyd edək ki, Finlandiya klubu da, mövsümə Çempionlar Liqasında start versə də, Norveç təmsilçisi “Molde”yə uduzaraq yarışa Avroliqada davam etmək məcburiyyətində qalıb. Komandamızın baş məşqçisi Qurban Qurbanov görüşdən öncə keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: "Bilirik ki, bizim üçün çox önəmli oyundur. Hazırlığımız pis keçməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi formada oyuna hazırlaşırıq. Çalışacağıq ki, sabah meydanda əlimizdən gələnin ən yaxşısını edək".
Xatırladaq ki, Qarabağ – HİK oyunu Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Saat 20-də başlanan görüş İdman TV ilə canlı yayımlanacaq.