Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda II mərhələnin cavab görüşləri başa çatıb.
Azərbaycan şahmatçılarından Teymur Rəcəbovla Ülviyyə Fətəliyeva 3-cü mərhələyə yüksəlib. İlk görüşdə heç-heçə edən Teymur Rəcəbov macar Viktor Erdoşla cavab oyununda uğur qazanıb. Qara fiqurlarla mübarizə aparan qrossmeyster rəqibi təslim olmağa məcbur edib. İki görüşün nəticəsinə əsasən 1,5:0,5 hesablı qələbə qazanan Rəcəbov növbəti mərhələyə adlayıb. Xanım şahmatçılarımızdan Ülviyyə Fətəliyeva da ümidləri doğruldub. Qara fiqurlarla Polşa təmsilçisi Monika Soçkonu üstələyən şahmatçımız mübarizəni davam etdirmək hüququna yiyələnib. İki oyunun nəticəsinə əsasən Ülviyyə 1,5:0,5 hesablı qələbə qazanıb.
Dünya Kubokunda gözlənilməz nəticə Tin Jinqao və Şəhriyar Məmmədyarov partiyasında qeydə alınıb. Ağ fiqurlarla inamlı oyun sərgiləyən rəqib şahmatçı cavab matçında Məmmədyarovu üstələyib. 1,5:0,5 hesablı nəticə Sinqapur şahmatçısını növbəti mərhələyə çıxarıbsa, Məmmədyarov yarışla erkən vidalaşıb. Vüqar Əsədli, Misrəddin İskəndərov Aydın Süleymanlı və Vasif Durarbəyli, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gövhər Beydullayeva və Gülnar Məmmədova mübarizəni dayandırıblar. Azərbaycan şahmatçılarından Nicat Abasov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov və Abdulla Qədimbəyli hər iki görüşdə heç-heçə oynadığından həlledici mərhələ sayılan tay-brekdə çıxış edəcəklər.