Formula 1 üzrə Belçika Qran-prisi başa çatıb.

Mövsümün 12-ci yarışında azarkeşlər yenə də oxşar ssenarinin şahidi olub. Son 7 Qran-pridə rəqiblərinə heç bir şans verməyən Maks Ferstappen bu dəfə də finiş xəttini birinci keçib. Hərçənd cümə günü təsnifat mərhələsində qaydaları pozduğuna görə cəzalanan və yarışa 6-cı sıradan başlamağa məcbur olan “Red Bull” pilotunun bir qədər çətinliklə üzləşəcəyini gözləmək olardı. Amma niderlandlı pilot 17-ci dövrədə komanda yoldaşı Serxio Peresi geridə qoyaraq hamıdan önə keçib. Belədə sona qədər üstünlüyü əlində saxlayan Maks 44 dövrəni 1 saat 22 dəqiqə 30 saniyə qət edərək ardıcıl 8-ci yarışında qalib gəlib. Növbəti yarışda da Ferstappen qalib gəlsə, bu göstəricidə 2013-cü ildə Sebastyan Fettelin müyyənləşdirdiyi rekordu təkrarlayacaq. Yeri gəlmişkən,  “Red Bull” ardıcıl 13-cü yarışında da uğur qazanaraq öz rekordunu daha da yaxşılaşdırıb. Avstriya komandasının digər pilotu Serxio Peres Belçikada Ferstappendən 22,3 saniyə geridə qalaraq 2-ci yerə sahib çıxıb. Yarışa ilk sıradan başlayan “Ferrari” pilotu Şarl Lekler isə finiş xəttini 3-cü keçib. O, liderdən 32,2 saniyə geridə qalıb. Bu arada, “Ferrari”dən Karlos Sayns texniki problemlər, “Maklaren”dən Oskar Piastri isə qəza səbəbindən final mərhələsini sona qədər tamamlaya bilməyib.

Şəxsi birinciliyə gəlincə, Maks Ferstappen 314 xalla liderliyini davam etdirir. İkinci pillədə qərarlaşan Serxio Peres ondan 125 xal geridədir. 3-cü yerdə isə 149 xalla “Aston Martin”in üzvü Fernando Alonso qərarlaşıb. Mühəndislər Kubokunda da “Red Bull” 503 xalla liderliyini möhkəmlədib. “Mersedes” 247 xalla 2-ci, “Aston Martin” isə 196 xalla 3-cüdür.