“Qəbələ” UEFA Konfrans Liqasında mübarizəyə qoşulub.
Komandamız 2-ci təsnifat mərhələsinin ilk matçında Kiprin “Omoniya” kollektivini qəbul edib. “Qəbələ” erkən qolla hesabı açıb. 4-cü dəqiqədə Əyyub Allaş qonaqların qapısına yol tapıb. Hissənin sonuna yaxın tarazlıq bərpa olunub. Kipr klubunun heyətində Roman Bezus cərimə zərbəsindən fərqlənib. Fasilədən sonra “Omoniya” futbolçuları önə çıxıblar. Bezus yenə də cərimə zərbəsindən qapını dəqiq nişan alıb. 62-ci dəqiqədə hesab yenidən bərabərləşib. “Qəbələ”nin heyətində Əyyub Allaş dubl müəllifi olub. Vaxtın bitməsinə 10 dəqiqə qalmış komandamız uğursuzluq yaşayıb. Cərimə meydançasında Murad Musayevin Andronikos Kakullisə qarşı kobudluğuna görə “Qəbələ”nin qapısına penalti təyin edilib. Roman Bezus 11 metrlik zərbəni dəqiq yerinə yetirərək het-trik müəllifi kimi görüşün qəhrəmanına çevrilib. Beləliklə “Qəbələ” 2-ci təsnifat mərhələsinin ilk oyununda “Omoniya”ya 2:3 hesabilə uduzub.