"Yarımfinal və final barədə də nikbinəm. Həmin görüşləri qələbə ilə başa vurmaq istəyirəm. Bu, hələ son deyil. Finalda görüşərik".

Bunu açıqlamasında III Avropa Oyunlarında ən azı bürünc medalı təmin edən Azərbaycan karateçisi Tural Ağalarzadə deyib.

67 kq-da çıxış edən idmançı dəstəyə görə Azərbaycan xalqına, bütün idmansevərlərə, milli komandaya, ailəsinə və dostlarıma təşəkkür edib: "Yarışa gəlmək üçün çox böyük əziyyət çəkmişik. Avropa Oyunlarına vəsiqə qazanmaq üçün ötən ildən reytinq xalları toplayırıq. Xalların sayına görə Avropa birincisi seçilmişdim, həm də sonuncu qitə çempionatında bürünc medal qazanmışdım".

O, bütün çətinlikləri bir kənara qoyaraq, yarışa çox pozitiv hazırlaşdığını bildirib: "İdman həyatımın dönüş nöqtələrindən hesab etdiyim Avropa Oyunlarında debüt etdim. Əvvəlki Oyunlara zədə səbəbindən qatıla bilməmişdim. Şükürlər olsun, bu gün buradayam. Qrupda 3 görüş keçirdim. Hər üçü kifayət qədər ciddi rəqiblər idi. Sevindirici haldır ki, döyüşlərim rahat keçdi".