Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.
İlk yarış günündə 5 çəkidə sərbəst güləşçilər mübarizə aparır. Dünən xalça üzərinə çıxan təmsilçilərimizdən 3-ü finala vəsiqə qazanıb. Yarışa 1/4 finaldan qoşulan 57 kiloqramdakı təmsilçimiz Əliabbas Rzazadə (57 kq) almaniyalı və italiyalı rəqiblərindən üstün olaraq. finala yüksəlib. O, həlledici görüşdə türkiyəli Süleyman Atlıyla üz-üzə gələcək.Titullu idmançımız Hacı Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. 1/4 finalda almaniyalı Kevin Henkelə gücünü göstərən pəhlivanımız yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabıyla məğlub edərək 5-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanovla qarşılaşacaq. Finala vəsiqə qazanan güləşçilıərimizdən biri də Maqomedxan Maqomedovdur. 97 kq-da çıxış edən təcrübəli idmançı müvafiq olaraq italiyalı Benjamin Honisi isveçrəli Samuel Şerrini məğlub edib. Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb. Növbəti dəfə bu rəqibinə inamla (6:0) qalib gələn Maqomedov yenidən qitə birinciliyinin finalına vəsiqə qazanıb. O, titul uğrunda gürcüstanlı Givi Matçaraşviliylə mübarizə aparacaq. Digər güləşçilərimizdən 65 kq-da xalça üzərinə çıxan Əli Rəhimzadə ilk görüşündə qələbə qazansa da, 1/4 finalda rəqibinə uduzub. Rəqib finala yüksəldiyi üçün Rəhimzadə təsəlliverici görüşə çıxacaq. Əli bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanmaq üçün israilli Coşua Finesilverə qalib gəlməlidir. 79 kq-da yarışan Səbuhi Əmiraslanov da bürünc medal uğrunda mübarizə aparacaq. 1/8 finalda İman Mahdaviniyə, 1/4 finalda isə gürcüstanlı Vladimeri Qamkrelidzeyə qalib gələn Avropa çempionatının debütantı yarımfinalda ukraynalı Vasili Mixaylovla güləşib. 1/4 final görüşündə dizindən aldığı zədə Mixaylovla istədiyi kimi güləşməyə imkan verməyib. Nəticədə 2:5 hesabıyla uduzan Səbuhi mübarizəni bürünc medal uğrunda davam etdirəcək. Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar bu gün keçiriləcək.