Azərbaycan çempionatının 29-cu turunda “Turan Tovuz” doğma arenada “Şamaxı”nı qəbul edib. Azarkeşlər ilk 9 dəqiqədə 2 qol görüblər. 3-cü dəqiqədə meydan sahiblərinin heyətində Runi Eva hesabı açıb. Az sonra isə Fuad Bayramov tarazlığı bərpa edib - 1:1. Maraqlıdır ki, 9 dəqiqəyə hərəyə bir dəfə fərqlənən tərəflər qalan vaxtda qol vura bilməyiblər. Görüş elə bu hesabla yekunlaşıb. Aktivində 21 xal olan “Şamaxı” yalnız daha yaxşı top fərqinə görə autsayder “Səbail”i qabaqlayaraq, 9-cu pillədə qərarlaşıb. Tovuz klubu isə 29 xalla 6-cı pillədədir.
Yarışın lideri “Qarabağ” ardıcıl 5-ci qələbəsini əldə edib. Ağdam klubu “Kəpəz”ə qalib gəlib. 5-ci dəqiqədə Abdulla Zubir meydan sahiblərinin ilk qolunu vurub. Fasiləyə kimi Yeqor Xvalko hesabı bərabərləşdirib - 1:1. Amma 2-ci hissədə “Qarabağ” futbolçuları daha 2 qol vurublar. Riçard Almeyda və Leandro Andrade qapını dəqiq nişan alıb. 3:1 hesabı ilə qələbə qazanan “Qarabağ” 77 xalla zirvədəki mövqeyini möhkəmləndirib. Lider ən yaxın izləyicisi “Sabah”la xal fərqini 12-yə yüksəldib. 25 xala malik “Kəpəz” isə 7-ci yerdədir.