Avroliqada  pley-offa vəsiqə qazanmaq uğrunda son imkanlarından istifadə edən hazırkı çempion “Anadolu Efes” İstanbulda “Olimpiya Milano” ilə üz-üzə gəlib. Artıq ilk dəqiqələrdən təşəbbüsü ələ alan Ergin Atamanın komandası fasiləyə 15 xallıq üstünlüklə yollanıb.  İkinci hissədə də “Efes” meydanda dominantlıq edən tərəf olub.  Xüsusən də, 18 xal toplayan Şeyn Larkin istanbulluların qələbə qazanmasında böyük rol oynayıb. Beləliklə də “Olimpiya Milano”dan 89:69 hesabıyla üstün olan “Anadolu Efes”  Avroliqada ardıcıl 2 məğlubiyyətdən sonra azarkeşlərini qələbə ilə sevindirib. Artıq pley-offa vəsiqəni təmin edən “Barselona” isə çətin Belqrad səfərindən qələbə ilə dönüb. İlk hissə bərabər mübarizə şəraitində keçsə də, fasilədən sonra İspaniya təmsilçisi təzyiqi artırıb.  “Barsa”nın heyətində 25 xal toplayan argentinalı Nikolas Laprovittola gecənin ən məhsuldar oyunçusu olub.  “Partizan”ı 89:80 hesabıyla məğlub edən “Barselona” bütün turnirlər daxil olmaqla ardıcıl 5-ci qələbəsini qazanıb.  Belqrad klubu isə ardıcıl 4 qələbədən sonra uduzub. ¼ final mərhələsinin bir addımlığında olan “Makkabi” isə Təl-Əvivdə İtaliyanın “Virtus” klubunu 111:80 hesabıyla darmadağın edib. Bu məğlubiyyətlə bolonyalılar pley-offa vəsiqə şansını itirib. Bu tura qədər pley-offda oynamaq imkanından məhrum olan “Panatinaikos”la “Bavariya” arasındakı oyunda isə meydan sahibləri 86:76 hesabıyla qalib gəlib. Almaniyanın digər klubu “Alba Berlin” də  İspaniyada “Baskoniya”ya 87:93 hesabıyla məğlub olub.