Almaniyada yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyində idmançımız da fəxri kürsüyə qalxıb.

73 kq çəkidə çıxış edən Ravin Alməmmədov uğurlu çıxışı ilə diqqət çəkib.  O,  birdən qaldırma hərəkətində 136 kq-ı ram edib və bu göstəricidə 2-ci olub. Atletimiz qazaxıstanlı Yerasil Saulbekovdan 1 kq geri qalıb. Ravin  təkanla qaldırma hərəkətində isə 167 kq nəticə ilə 2-ci yeri tutub. Bu dəfə qazaxıstan təmsilçisi idmançımızı 1 kq qabaqlaya bilib. Yekunda 303 kq nəticə göstərən Ravin Alməmmədov dünya birinciliyinin gümüş medalına layiq görülüb. Yerasil Saulbekov isə 305 kq ilə 1-ci yeri tutub. Bürünc medal 289 kq nəticə ilə cənubi koreyalı Park Ju-Yona qismət olub. Qeyd edək ki, yarışda 60-dan çox ölkədən 322  atlet mübarizə aparır.