Azərbaycan çempionatının 24-cü turunun mərkəzi görüşündə “Qarabağ” “Neftçi” ilə qarşılaşıb.
“Azərsun Arena” stadionunda keçirilən oyun qatı duman şəraitində keçib. İlk hissədə azarkeşlər bir qolun şahidi olublar. 33-cü dəqiqədə Ata Caberin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Kilian Lebon dəqiq zərbə ilə “Neftçi”ni hesabda önə keçirib: 0-1. İkinci hissə “Qarabağ”ın üstünlüyü şəraitində keçib. Ağdam klubunun hesabı bərabərləşdirmək cəhdləri oyunun sonlarında öz bəhrəsini verib. 83-cü dəqiqədə Marko Veşoviçin qapı qarşısına ötürməsi zamanı “Neftçi”nin müdafiəçisi Höccət Haqverdi topu öz qapısına göndərib. Qalan vaxt ərzində başqa qol olmayıb və turun mərkəzi oyunu 1-1 hesabı ilə yekunlaşıb. Bu oyundan sonra xalını 62-yə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmləndirib. 2-ci pillədə gedən “Sabah”ın 53 xalı var. “Neftçi” isə 49 xalla 3-cü yerdə gedir.