İngiltərə Premyer Liqasının 23-cü turunda “Mançester Yunayted” səfərdə “Lids Yunayted”lə üz-üzə gəlib. Xatırladaq ki, bu komandalar 4 gün əvvəl “Old Trafford”da 8-ci turdan təxirə salınan görüşdə qarşılaşmışdılar. Həmin matçda qonaqlar 2:0 hesabı ilə önə keçsələr də, yekunda 2:2 hesabı qeydə alınmışdı. Azarkeşləri önündə məğlubiyyətdən xilas olan “mankunyanlar” səfər matçında 2:0 hesablı qələbə qazanıblar. Hər iki qol fasilədən sonra vurulub. Markus Reşford və Alexandro Qarnaço fərqlənib.
Mançester şəhərinin digər təmsilçisi “Siti” isə doğma arenada “Aston Villa”ya 3:1 hesabı ilə qalib gəlib. “Şəhərlilər” hər 3 qolu 1-ci hissədə vurublar. 4-cü dəqiqədə Rodri hesabı açıb. Ardınca İlkay Gündoğan qapını dəqiq nişan alıb. Fasilə ərəfəsində isə Riyad Mahrez penaltidən yararlanıb. 2-ci hissədə isə Olli Vatkins “Aston Villa”nın təsəlli qolunu vurub. 3:1 hesablı qələbə qazanan “Mançester Siti” 48 xalla turnir cədvəlində 2-ci yerdədir. “Şəhərlilər” lider “Arsenal”la xal fərqini 3-ə endirib. İlk 3-lüyü tamamlayan “Mançester Yunyted”in isə aktivində 46 xal var.