Basketbol üzrə Avroliqada 24-cü turun oyunları davam edir. Turun ikinci günündə keçirilən 3 oyunun hamısında qonaqlar qalib gəlib. Xüsusən də Belqrad komandalarının qələbəsi xüsusi diqqət çəkib.  “Srvena Zvezda” çempionatın favoritlərindən olan “Makkabi” ilə Təl-Əvivdəki oyunda məhsuldardlığı ilə yadda qalıb. İlk bölüm bərabər mübarizə şəraitində keçsə də, Serbiya təmsilçisi fasiləyə 10 xallıq üstünlüklə yollanıb. 3-cü bölümdə də belqradlılar meydanda diqtə edən tərəf olub Oyunda 38 xal toplayan “Makkabi”nin  müdafiəçisi Ueyd Bolduin son 12 dəqiqəlik hissədə dəqiq atışlarla diqqət çəksə də, İsrail komandası məğlubiyyətdən xilas ola bilməyib: “Makkabi” – “Srvena Zvezda” 86:89.

“Srvena Zvezda”nın əzəli rəqibi “Partizan” isə Münhendən qələbə ilə qayıdıb.  Maraqlıdır ki, bu oyun da oxşar ssenari ilə keçib. İlk hissədə komandalar üstünlük əldə edə bilməyibsə, 2-ci və 3-cü bölümlərdə belqradlılar daha məhsuldar oyun nümayiş etdirib. Son periodda “Bavariya” təşəbbüsü ələ alsa da, vəziyyətdən çıxa bilməyib. Beləliklə də “Bavariya”nı 82:71 hesabıyla məğlub edən “Partizan” bütün turnirlər nəzərə alınmaqla ardıcıl 7-ci qələbəsini qazanıb. 

Çempionatın liderlərindən olan “Barselona” isə Bolonyada “Virtus”u məğlub edib. İlk 3 bölümdə meydanda dominantlıq edən İspaniya təmsilçisi son hissədə oyuna nəzarəti əlində saxlayaraq qələbə hesabını qoruya bilib. Virtus Bolonya – Barselona 75:92. Yeri gəlmişkən, bu tur İstanbulda keçirilməli olan “Anadolu Efes” – “Real Madrid” oyunu Türkiyədə dəhşətli zəlzələ ilə əlaqədar təxirə salınıb.