Futbol üzrə Azərbaycan çempionatında qış fasiləsi yekunlaşıb.
19-cu turun ilk görüşündə “Kəpəz” Gəncədə “Qəbələ”ni qəbul edib. 1-ci hissədə qonaqlar 2 dəfə penalti ilə cəzalanıb. 18-ci dəqiqədə Ahmed İsayya, 42-ci dəqiqədə isə Martins Junior hədəfi dəqiq nişan alaraq “Kəpəz”ə böyük üstünlük qazandırıb. Lakin Tərlan Əhmədovun komandası fasilədən sonra sərfəli hesabı qoruya bilməyib. 63-cü dəqiqədə “Qəbələ”nin heyətində Ruan Renato fərqi minimuma endirib. 79-cu dəqiqədə isə Ülvi İsgəndərov tarazlığı bərpa edərək son nöqtəni qoyub. Beləliklə “Kəpəz” “Qəbələ” ilə oyunda 2 top fərqilə önə çıxsa da, heç-heçəylə kifayətlənməli olub. Hazırda Gəncə klubu 13 xalla 7-cidir. Rəqibindən 2 dəfə çox xal toplayan “Qəbələ” 5-ci sıradadır. Yarış cədvəlinə 50 xalla “Qarabağ” başçılıq edir. “Sabah” 43 xalla 2-cidir. “Neftçi” 38 xalla ilk 3-lüyü tamamlayır.