Azərbaycan Basketbol Liqasının 11-ci turuna “Olimpik Şəki” – “Neftçi” qarşılaşması ilə yekun vurulub.

Hər iki komandanın turnir cədvəlinin aşağı pillələrində olması bu görüşün əhəmiyyətini daha da artırırdı. Matça yaxşı başlayan “Neftçi” basketbolçuları ilk periodda 15 xallıq üstünlük qazanıblar. Xal fərqi fasiləyə kimi daha da artıb. Ceyson Brauerin sayəsində fəallıq nümayiş etdirən meydan sahibləri çox çalışsalar da, son 2 periodda məğlubiyyətdən xilas ola bilməyiblər. Görüş “Neftçi”nin 83:67 hesablı qələbəsi ilə bitib. “Olimpik Şəki”nin heyətində Ceyson Brauer 24 xal və 14 ribaundla diqqət çəksə də, bu yalnız təsəlli olub.

11 turdan sonra “Sabah”, NTD və “Gəncə” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Xırdalan” və “Sərhədçi”nin 18 xalı var. “Neftçi” 14 xalla 6-cı, “Olimpik Şəki” 13 xalla 7-cidir. Son pillədə 12 xalla “Zirvə” komandasıdır.