Azərbaycan çempionatında 18-ci tura “Zirə” – “Kəpəz” qarşılaşması ilə yekun vurulub.
İlin son matçında hesab 11-ci dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Rəhim Sadıxov fərqlənib. Görüş “Zirə” futbolçuları üçün yaxşı başlasa da, paytaxt klubunun üzvlərinin 4 dəqiqə ərzində 2 dəfə qırmızı vərəqə ilə cəzalandırılması oyunun ssenarisini dəyişib. Əvvəlcə 18-ci dəqiqədə Coşqun Diniyev meydanı tərk edib. Az sonra isə Nemanya Andelkoviç qarşısında qırmızı vərəqə görüb. Say üstünlüyündən yararlanan “Kəpəz” futbolçuları tezliklə hesabı bərabərləşdiriblər. Fərid Nəbiyev qapını dəqiq nişan alıb. Fasiləyə kimi qonaqlar 2-ci qolu vurublar. Nicat Süleymanov hədəfdən yayınmayıb. 1-ci hissə “Kəpəz”in 2:1 hesablı üstünlüyü ilə bitib. Çoxları Gəncə klubunun 2-ci hissədə fərqi daha da artıracağını gözləsə də, Elçin Əlicanovun qırmızı vərəqə ilə cəzalandırılması Zirə futbolçularını ruhlandırıb. Görüşün sonunda meydanda futbolçuların sayı bərabərləşib. Giorgi Kantarya 2-ci dəfə sarı vərəqə ilə cəzalandırılıb. Qarşılaşmanın son saniyələrində isə hesab da bərabərləşib. Sertan Taşkın yekun nəticəni müəyyənləşdirib 2:2.
Qeyd edək ki, 2 dövrədən sonra “Qarabağ” 50 xalla zirvədədir. Ağdam klubunun ən yaxın izləyicisi “Sabah” liderdən 7 xal geri qalır. İlk 3-lüyü 38 xalla “Neftçi” tamamlayır. “Zirə” 28 xalla 4-cü, “Qəbələ” 25 xalla 5-ci, “Turan-Tovuz” 17 xalla 6-cı, “Şamaxı” 13 xalla 7-ci yerdə qərarlaşıb. “Sumqayıt” və “Kəpəz”in 12 xalı var. “Səbail” isə 10 xalla sonuncu pillədədir.