Milli Basketbol Assosiasiyasında müntəzəm çempionatda növbəti oyunlar keçirilib. Hazırkı çempion “Qolden Steyt Uorriors” səfərdə “Nyu-York Niks”lə üz-üzə gəlib. İlk hissəni 13 xal fərqli üstünlüklə başa vuran meydan sahibləri fasilədən sonra da oyunda dominantlıq edib. Xüsusən də, kaliforniyalıların heyətində Stef Körrinin meydanda olmaması “Niks”in işini asanlaşdırıb. Beləliklə də “Qolden Steyt”i 132:94 hesabı ilə məğlub edən “Nyu-York” son 8 oyunda 7-ci qələbəsini qazanıb.  “Uorriors” isə ardıcıl 5-ci görüşündə 4-cü məğlubiyyəti ilə üzləşib.

“Yuta Cazz” isə səfərdə “Detroyt Pistons”un öhdəsindən gəlməyi bacarıb.  Finlandiyalı forvard Lauri Markkanenin 38 xal topladığı oyunda solt leyk sitililər ilk bölümdə inamlı təsir bağışlasa da, fasiləyə qədər miçiqanlılar hesab arasında fərqi azalda bilib. Buna baxmayaraq, ikinci hissədə yenidən təşəbbüsü ələ alan “Yuta” “Detroyt”u 126:111 hesabıyla məğlub edərək ardıcıl 2 məğlubiyyətdən sonra azarkeşlərini sevindirə bilib. “Detroyt” isə ardıcıl 7-ci görüşündə də uğursuzluqla üzləşib.

 Günün digər oyununda “Çikaqo” səfərdə “Mayami”ni 113:103 hesabıyla məğlub edib. Görüşün ən məhsuldar basketbolçusu isə “Çikaqo”nun heyətində 29 xal və 12 ribaundla yadda qalan Nikola Vuçeviç olub.