İspaniya Kubokunda 2-ci mərhələ başlanıb. İlk oyun günündə La Liqa komandaları sürprizə imkan verməyiblər. “Atletik Bilbao” səfərdə aşağı liqa komandalarından “Sestao”nu minimal hesabla məğlub edib. Yeganə qolu Raul Qarsiya vurub.
“Espanyol” isə səfərdə “Atletiko Paso”ya minimal hesabla qalib gəlib. Burada yeganə qolu Niko Melamed vurub. Beləliklə “Espanyol” mərhələ adlayıb.
“Malyorka” da eyni hesabla qalib gəlib. Komanda “Real Union”u mübarizədən kənarlaşdırıb. Qələbə qolunu Daniel Rodriges vurub.
“Vilyarreal” isə azarkeşlərini bir qədər həyəcanlandırıb. Komanda səfərdə aşağı liqa təmsilçilərindən “Qixuelo”nun ciddi müqaviməti ilə üzləşib. 14-cü dəqiqədə Xose Rodriges yerli azarkeşləri sevindirib. Fasiləyə kimi Jerar Moreno tarazlığı bərpa edib. 2-ci hissədə tərəflərin səyləri bəhrəsiz qalıb. Qarşılaşmanın taleyi əlavə vaxtda həll olunub. Burda Arno Danjuma qol vuraraq “Vilyarreal”a 2:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, La Liqa komandalarından “Xetafe” və “Elçe” də mərhələ adlayıb. “Xetafe” səfərdə “Diokesano”ya 2, “Elçe” isə “Qvadalaxara”ya 3 cavabsız qolla qalib gəlib.