Futbol üzrə Azərbaycan çempionatında qış fasiləsi yaxınlaşdıqca klublarımızın hazırlıq planı da müəyyənləşir.

Gözlənildiyi kimi, çempionat iştirakçılarının hamısı təlim-məşq toplanışını ölkə xaricində keçirəcək. Konkret olaraq klublarımız hazırlıq üçün həmişə olduğu kimi Türkiyənin Anltalya şəhərini seçib. Azərbaycan çempionu “Qarabağ”ın hazırlıq planı müəyyənləşməsə də, böyük ehtimalla Ağdam təmsilçisi də qardaş ölkəyə yollanacaq. Ancaq klubun yoxlama oyunlarındakı rəqibləri və səfərin tarixi müəyyənləşməyib.

“Neftçi” isə əksinə hazırlıq planını müfəssəl açıqlayıb. “Ağ-qaralar” yanvarın 4-dən 20-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışı keçəcək. “Flaqman” qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq. Mükafatlar uğrunda mübarizə aparan “Sabah”ın da qış hazırlığı Antalyada olacaq. Belek bölgəsində baş tutacaq təlim-məşq toplanışı yanvarın 7-də başlayacaq.

“Sabah” hazırlıq çərçivəsində yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq. “Turan Tovuz” 2023-cü il yanvarın 7-də Bakıda bir araya gələrək Antalyaya yola düşəcək. Əcnəbi futbolçular kollektivə həmin gün qonşu ölkədə qoşulacaqlar. Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda yetirmələrini 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ ki, məlum deyil.

“Sumqayıt”ın Antalyadakı təlim-məşq toplanışı isə yanvarın 5-dən 18-dək olacaq. Komanda bu müddət ərzində 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq "Zirə" isə üç yoxlama matçına çıxacaq. Qəsəbə təmsilçisinin artıq iki rəqibinin adı bəlli olub. Belə ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də səhər saatlarında Macarıstanın “Zeqed” komandası ilə qarşılaşacaq. Axşam isə təmsilçimiz Serbiyanın “Radniçki” klubunun önünə çıxacaq. Sonuncu oyundakı rəqib hələ müəyyənləşməyib.

Qış fasiləsi üşün planlarını açıqlayan klublardan biri də “Səbail”dir. Mahmud Qurbanovun komandası yanvarın 3-dən 17-dək Türkiyədə məskunlaşacaq. Komanda burda 3 yoxlama matçı keçirəcək. “Dənizçilər” “Legiya”, “Bohemians” və “Spartak”la qarşılaşacaq. Qış hazırlıq planını hələ də açıqlamayan “Kəpəz”, “Qəbələ” və “Şamaxı”nın da Türkiyəyə gedəcəyi gözlənilir. Sadəcə olaraq onların səfər proqramının vaxtı və yoxlama oyunları ilə bağlı dəqiqləşdirmələr aparılır.