Biatlon üzrə dünya kubokunun 3-cü mərhələsi yekunlaşıb. Fransada keçirilən yarışın sonuncu günündə azarkeşlər maraqlı mübarizənin şahidi olub. Kişilərin mass-start yarışında norveçli biatlonçu Yohannes Dale uğur qazanıb.  Dünya çempionatının ikiqat mükafatçısı 15 km məsafəni 35 dəqiqə 5 saniyəyə qət edərək rəqiblərini qabaqlayıb. O, atışlarda da cəmi 2 yanlışlığıa yol verib. 2-3-cü yerlərə də onun həmyerliləri sahib çıxıb. Strula Holm-Leqreyd liderdən 0,3,   5 qat olimpiya çempionu Yohannes Bö isə 10,6 saniyə geridə qalıb.

Maraqlıdır ki, qadınların mass-start yarışında norveçli biatlonçular fəxri kürsüyə yüksələ bilməyib. Ötən il keçirilən dünya çempionatında elə məhz mass-start yarışında qızıl medal qazanan avstriyalı Liza Tereza Hauzer pərəstişkarlarını sevindirib. O, atışlarda cəmi 1 yanlışlığa yol verməklə yanaşı 12,5 km məsafəni 33 dəqiqə 54 saniyəyə qət edərək birinci olub. Ondan 12,3 saniyə geridə qalan fransalı Juliya Simon fəxri kürsünün 2-ci pilləsinə yüksəlib. Juliyanın həmyerlisi Anais Şevalye-Buşe 3-cü yerə sahib çıxıb. O, liderdən 14,3 saniyə geriyə düşüb.  Növbəti yarış gələn il yanvarın 5-indən 8-dək Sloveniyada keçiriləcək.