İspaniya millisi Qətər mundialının 1/8 finalında Mərakeş yığmasına uduzandan sonra komandanın “sükanı arxası”na kimin gətiriləcəyi maraq doğururdu. Çox keçmədən bu sualın cavabına aydınlıq gəldi. İspaniya futbol federasiyası Luis Enrikenin gedişindən sonra Luis De La Fuente ilə razılıq əldə etdi. Təcrübəli baş məşqçi çox tanınmasa da, İspaniya futboluna xeyli töhfələr verib. 61 yaşlı mütəxəssis bir müddət “Atletik” Bilbaoya rəhbərlik edəndən sonra uzun illər ölkənin 19, 21 və 23 yaşadək futbolçularından ibarət seçmələrində işləyib. Hazırda əsas komandada çıxış edən oyunçuların əksəriyyəti vaxtilə De La Fuentenin rəhbərliyi altında aşağı yarış qruplarında oynayıb. Futbol ekspertləri də təyinatın məhz bu amil nəzərə alınaraq həyata keçirildiyini bildirir. İspaniya millisinin yeni baş məşqçisi təqdimat mərasimində jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlki komanda ruhunu qaytarmalı olduqlarını deyib: "2010-cu ilin İspaniya millisini yəqin ki, hamınız çox gözəl xatırlayırsınız. Azarkeşlər komandanın uğurları ilə qürur duyur, hər yerdə ispaniyalı olduqlarını dönə-dönə vurğulayırdılar. Bu ruhu qaytarmağın vaxtıdır. İspaniyalılar yığmanı izləyəndə fərəh hissi keçirməlidilər. Ölkənin 48 milyon məşqçiyə deyil, bu sayda  futbolçuya ehtiyacı var. Mənim böyük komandalarda təcrübəmin olmadığını deyənlərə səslənirəm, ölkə futbolunun parlaq gələcəyinə inanırsınızsa, mənə də etimad göstərin.  İspaniya millisinin inkişafı üçün hamımız birlikdə çalışmalıyıq. Bu yolda əlimdən gələni edəcəyimə söz verirəm".

Luis De La Fuente ilə 2024-cü ilədək müqavilə imzalanıb. Xatırladaq ki, İspaniya u-19 və u-21 komandaları onun rəhbərliyi altında Avropa çempionu olub. U-23 seçməsi isə Tokio olimpiadasının gümüş medalına yiyələnib.