Futbol üzrə Azərbaycan premyer liqasında 18 klubun mübarizə apardığı vaxtlar olub. Lənkəran, Yevlax, Bərdə, Qazax, Şəmkir, Qusar futbolçuları elitada yarışır, uğurlu çıxışla pərəstişkarlarına sevinc, qürur bəxş edirdilər. Əslində, bu coğrafiya daha da genişdir. Cənubi Azərbaycanın qüruru “Traktor Sazi” futbol klubu bizim çempionatda çıxış etməsə də, hər oyunu şimaldakı azarkeş qardaşlarının həmişə diqqət mərkəzindədir.

Regionda ən coşğulu azarkeş kütləsinə sahib futbol klublarından biri, bəlkə də birincisi heç şübhəsiz “Traktor”dur. Bakının əkizi sayılan Təbrizi təmsil edən “Traktor” sadəcə futbol klubu deyil, 1970-ci ildən İran azərbaycanlılarının, türklərin haqq səsidir. “Səhənd stadionu”nun 70 minə yaxın azarkeş tutduğu bildirilir, amma oyunlara baxmaq üçün bəzən 100 min tamaşaçı arenaya üz tutur. 52 il əvvəl Təbrizdə traktor istehsal edən şirkətin nəzdində yaradılan “Traktorsazi” ilk vaxtlar sabit çıxış etməkdə çətinlik çəkirdi. İran inqilabının gətirdiyi problemlər buna imkan vermirdi. İranın İraqla müharibəsi isə mürəkkəb vəziyyəti daha da çıxılmaz etmişdi. Nəticədə 1988-ci ilədək İran çempionatı keçirilmir və “Traktor” yalnız Təbriz miqyasında oynamaq məcburiyyətində qalır. 18 il  aşağı divizonlar arasında var-gəl edən “Traktor” nəhayət, 2009/10 mövsümündə İranın yüksək liqasına vəsiqə qazanır. Elə həmin vaxtdan komanda inamlı çıxışı və möhtəşəm azarkeş dəstəyi ilə təkcə İranı deyil, bütün regionu lərzəyə gətirir. Matçlar zamanı azarkeşlərin səsləndirdiyi şüarlar işğalçılar, başqalarını aşağılamaq meyilli qüvvələr üçün sözün əsl mənasında soyuq duş rolunu oynayır.

2011-ci ildən “Traktor”un sahibi olan iranlı biznesmen Məhəmməd Reza Zonuzinin Azərbaycanın maraqlarına uyğun addım atmasını gözləmək sadəlövhlük olardı. Amma komandanın azarkeş ordusunu təşkil edən soydaşlarımız klub rəhbərliyinin qərarlarına birbaşa təsir göstərmək gücündə olub və bunun bariz nümunəsini 2016-cı ildə gördük. “Traktor” rənbərliyi Ermənistan millisinin müdafiəçisi Varazdad Aroyanla anlaşsa da, məhz azarkeşlərin etirazı ilə keçidin qarşısı alındı – razılaşma cəmi 12 saatdan sonra ləğv edildi. 2017-ci ilin martında Ermənistanın baş naziri Tehranda olarkən “Traktor” azarkeşləri Təbrizdə “Sepahan”la oyunda səfərə etiraz əlaməti olaraq lazımi şüarlar səsləndirmişdilər. Federasiyanın mövqeyi ilə oturub-duran hakimlərin qərəzli qərarları “Traktor”un titul uğrunda mübarizəsinə həmişə maneə törədiblər, ona İran çempionu olmağa imkan verməyiblər. Təbriz futbolçuları, sonuncusu 2014/15 mövsümündə olmaqla, 3 dəfə çempionatın gümüş medalına yiyələnib, 2013/14 və 2019/20 mövsümlərində isə İran kubokunu qazanıb, Asiya Çempionlar Liqasının qrupunda çıxış edib, 2 dəfə pley-offa adlayıblar. Təbriz futbolçuları nə qədər bacarıqlı olsalar da, onları İran millisinə dəvət etməyiblər. Amma Qətər mundialında çıxış edən İran seçməsinin heyətində türk əsilli 3 futbolçunu gördük. Uels komandası ilə oyundan sonra türk olduğunu dönə-dönə fəxrlə vurğulayan Sərdar Azmun, həmçinin əslən Ərdəbildən olan Kərim Ənsərifərd və Əli Qolizadə İran yığmasında çıxış etdilər. Amma Azərbaycan əsilli futbolçulardan danışırıqsa, ilk növbədə Əli Daienin adını çəkməliyik. 109 qolla milli səviyyəsində ən çox fərqlənən ərdəbilli hücumçu bu göstəricidə uzun illər dünya rekordçusu idi. Yalnız 2021-ci ildə Kriştianu Ronaldu bu rekordu yenilədi. Daienin adı Asiya futbolunun şöhrət zalına yazılıb. 2000-2006-cı illərdə İran millisinin kapitanı, Almaniya hegemonu “Bavariya”nın heyətində böyük uğurlar qazanan azərbaycanlı Əli Daie İran futbolunun ən parlaq simalarından olsa da, daim rejimin təzyiqlərinə məruz qalıb və bu, davam edir. Qətər mundialı ərəfəsində 53 yaşlı Daienin İrandan çıxışına qadağa qoyuldu, daha sonra haqqında edam hökmünün çıxarılması ilə bağlı şayiə yayıldı. Ona məxsus restoran və mağazanın fəaliyyəti dayandırıldı.

“Traktor”un Azərbaycana və milli kimliyimizə bağlılığı mövzusuna qayıdaq. Arazın o tayında soydaşlarımız Azərbaycan sevgisiylə alışıb-yansalar da, indiyədək futbolçularımızdan yalnız Rəfael Əmirbəyov və Adil Şükürov Təbriz klubunun şərəfini qoruyub. Məşqçilərimizdən isə Böyükağa Hacıyev 1 mövsüm “Traktor”a rəhbərlik edib. Bütün bu deyilənlərdən çıxan məna odur ki, “Traktor”u Azərbaycan komandası hesab etməyimizdən, təbrizli azarkeş qardaşlarımızın onu Azərbaycanın ayrılmaz hissəsi saymasından təbii heç nə ola bilməz. Klubunhimnində də deyilir: “Mərifət və şərəfdir bizim şüarımız, Azərbaycandır doğma torpağımız, “Traktor” İftixarımız!”.