Bu gün futbol üzrə dünya çempionatında ilk yarımfinal oyunu keçiriləcək.

Finala çıxmaq üçün meydana Argentina və Xorvatiya komandaları çıxacaqlar. Tərəflərin hər ikisinin bu mərhələyə qədər gəlmələri təəccüblü deyil. Argentinalılar hələ mundial başlmamışdan öncə kuboku qazanmağa əsas namizədlərdən biri sayılırdı. Xorvatlara gəlincə isə onlar ən azı son dünya çempionatının finalçısı kimi buna layiqdir. Komandaların hər ikisi dünya çempionatına yaxşı başlamayıb. Xüsusilə Messinin komandası ilk turda Səudiyyə Ərəbistanı yığmasına uduzaraq futbolsevərlərə şok yaşatmışdı. Xorvatiya futbolçuları isə Mərakeşlə oyunda xal itirmişdi. Ancaq sonrakı oyunlarda hər iki komanda istədiyi nəticələri əldə etməyi bacardı. Bu oyun həm də iki ulduz futbolçu Messi və Luka Modriçin qarşılaşması olacaq. Hər iki futbolçu yığmalarının aşkar lideri sayılır və bu mundialda komandalarını öz arxasınca uğura daşıyır. Düzdür, Modriç Messi qədər məhsuldar deyil. Ancaq onun meydanda gördüyü işin həcmi heç də argentinalıdan geri qalmır. Modriç xüsusilə hücumların qurulmasında və meydanın mərkəzində gördüyü qara işlə yığmanın əvəzolunmaz futbolçusuna çevrilib. Messi haqqında geniş danışqmağa ehtiyac yoxdur. Klub səviyyəsində bütün titulları qazanan Leonun əsas məqsədi karyerasının son çağlarında dünya çempionu olmaqdır. Qətər mundialı isə bu baxımdan son imkandır. Qeyd edək ki, bu komandalar 4 il əvvəl Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsində rəqib olmuş və həmin oyunda Xorvatiya çoxlarının gözləmədiyi halda Argentinanı 3:0 hesabı ilə məğlub etmişdi. Yeri gəlmişkən, həmin oyunda vurulan qollardan birinin müəllifi məhz Luka Modriç olmuşdu. Daha bir maraqlı məqam komandaların qapıçıları ilə bağlıdır. Həm Livakoviç, həm də Emiliano Martines bu mundialda penalti seriyalarında möhtəşəm oyunları ilə diqqət çəkirlər. Əgər matç penaltilər seriyasına qədər uzansa, onların da rəqabətini görmək maraqlı olacaq. Oyun öncəsi komandaların heyətində ciddi itki yoxdur və tərəflər optimal heyətlə meydana çıxacaqlar.

Lusail şəhərindəki Milli stadionda keçiriləcək Argentina-Xorvatiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.