Portuqaliya millisinin futbolçusu Qonsalu Ramuş dünya çempionatları tarixində yeni nailiyyətlərə imza atıb. 21 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində İsveçrəyə 6:1 hesabı ilə qalib gəldikləri oyunda müvəffəq olub. DÇ-2022-də ilk het-trikin müəllifi olan forvard 1962-ci ildə 20 yaş 261 günlüyündə bunu bacaran macarıstanlı Florian Albertdən sonra 21 yaş, 169 günlüyündə ən gənc ikinci oyunçu adına sahib çıxıb. Ramuş həmçinin almaniyalı Miroslav Klozenindən sonra turnirdəki start heyətdə meydana çıxdığı ilk görüşündə üç qol vuran futbolçudur.
Portuqaliya millisindən söz düşmüşkən. yığmanın müdafiəçisi Pepe dünya çempionatının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu olub. 33-cü dəqiqədə İsveçrənin qapısına yol tapan futbolçu 39 yaş 9 aylığında bunu bacarıb.
Pireney komandasının hücumçusu Kriştiano Ronaldo Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında İsveçrə ilə oyun üçün start heyətində yer almayıb. 37 yaşlı portuqaliyalı ulduz 2008-ci ildən bəri ilk dəfə “11-liy”ə düşə bilməyib. Maraqlıdır ki, həmin matç da İsveçrə ilə oyuna təsadüf edib. Ümumiyyətlə, Kriştianu Ronaldo indiyədək ardıcıl 31 dünya çempionatı və Avropa çempionatı matçında meydana start 11-likdə çıxmışdı. Bununla yanaşı, Ronaldo son vaxtlar adının da hallandığı “Əl-Nəsr” klubuna transfer ola bilməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib. O, heç bir anlaşmanın olmadığını bildirib.