Dünya çempionatında sonuncu 1/4 finalçının adı Portuqaliya - İsveçrə matçında müəyyənləşib.
Görüşdə favorit hesab olunan Pireney yarımadası təmsilçisi ilk hissədə 2 dəfə rəqib qapısına yol tapıb. Əvvəlcə 17-ci dəqiqedə Qonsalu Ramuş hesabı açıb. Çox keçmədən Pepe fərqi iki topa çatdırıb. Fasilədən sonra da hücumlarına ara verməyən portuqaliyalı futbolçular rəqibin bütün ümidlərini puç edib. 51-ci dəqiqədə Ramuş dubl edərək hesabı 3:0 edib. 4 dəqiqə sonra Rafael Gereyro isveçrəliləri 4-cü dəfə mərkəzə dəvət edib. 58-ci dəqiqedə Manuel Akanci buraxılan toplardan birinin əvəzini çıxıb. Ancaq bu qol yalnız təsəlliverici xarakter daşıyıb. Qol vurmağa davam edən Portuqaliya millisi qarşılaşmanın sonlarında daha 2 dəfə fərqlənib. Qonsalu Ramuş het-trikini rəsmiləşdirib. Son saniyələrdə isə meydana yenicə daxil olan Rafael Leao hesabı rüsvayçı həddə çatdırıb. Portuqaliya - İsveçrə 6:1. Beləliklə Portuqaliya yığması 1/4 finala adlayıb. Komanda növbəti görüşünü Mərakeş futbolçuları ilə keçirəcək.