Dünya çempionatının 1/8 final mərhələsində növbəti görüş Yaponiya və Xorvatiya komandaları arasında keçiriləcək. E qrupundan play-offa lider kimi adlayan “gündoğar ölkə” təmsilçisinin heyətində itkilər var. Almaniya ilə matçda fərqlənən Ko İtakura cəzalı vəziyyətə düşdüyündən avropalılarla görüşü buraxacaq. Sonuncu qarşılaşmadan sonra xəstələndiyi bildirilən Takefusa Kubonun da oyuna çıxıb-çıxmayacağı sual altındadır. Bu problemlərə baxmayaraq komandanın çalışdırıcısı Hadzime Moriyasu oyuna tam hazır vəziyyətdə çıxacaqlarını bildirib: “Oyunçularım istənilən vəziyyətdə mübarizə aparmağa hazırdır. Bilirəm, indi mənim start heyətim hər kəsi maraqlandırır. Lakin indidən bunu açıqlaya bilmərəm. Taktiki gedişlərdə bəzi dəyişiklik olacağını isə inkar edə bilmərəm. Xorvatiya çətin rəqibdir. Biz də asanlıqla təslim olmayacağıq. 1/4 finala yüksələcəyimizə inanıram.”

Xorvatiyanın baş məşqçisi Zlatko Daliç mətbuat konfransında çıxışı zamanı ehtiyyatlı fikirlər bildirib: “Yaponiya Dünya çempionları İspaniya və Almaniyanı məğlub etdi. İlk hissədə geridə olmasına baxmayaraq fasilədən sonra əsl xarakter göstərərək lazım olanı əldə edən komandadır. Məncə bu amillər belə onların rəqiblərinə ismarış olmalıdır. Artıq dünyanın bir çox ölkəsində Yaponiya millisi favorit hesab olunur. Onlara hörmət bəsləyirik. Bizim də görüş ilə bağlı keyfiyyətli planlarımız var. Qələbəyə inanırıq.”

Qeyd edək ki, “Əl-Cənub” Stadionunda keçirilən Yaponiya – Xorvatiya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 19-da başlanacaq.